“AGBank” ASC haqqında yayılan məlumatlarla bağlı məhkəməyə müaciət edərək işi udub. Bu barədə FED.az-a bankdan bildirilib. Bankın açıqlamasında deyilir: «Azərbaycanın aparıcı banklarından “AGBank” ASC mətbuatda Banka qarşı şər və böhtanlarla çıxış edən keçmiş xüsusi xidmət zabiti Tofiq Rəcəbova qarşı məhkəmə prosesini udub».
Nərimanov rayon məhkəməsində hakim Kəmalə Əmırxanovanın sədrliyi ilə keçirilən prosesdə “AGBank” qarşı tərəfin təkzib verməsinə və təzminat ödəməsinə nail olub.
Məhkəmə bankın iddiasını təmin edərək, “www.müsavat. com” saytı vasitəsilə dərc olunan 6 yanvar 2016-cı il tarixli, müəllifinin Tofiq Rəcəbov olduğu qeyd olunan “Azərbaycana inqilab üçün 18 milyard dollar gətirilmişdi” başlıqlı yazıda “AGBank” ASC haqqında yayımlanan işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsini cavabdeh Tofiq Zəbulla oğlu Rəcəbovun üzərinə vəzifə olaraq qoyub.
Bundan əlavə Tofiq Rəcəbov “AGBank”-a dəyən zərərə görə bankın hesabına 1000 manat ödəməli olacaq.
Xatırladaq ki, Tofiq Rəcəbov Azərbaycana inqilab üçün 18 milyard avro gətirildiyini açıqlamışdı. Tofiq Rəcəbov “AGBank”la bağlı söylədiyi fikirlərin əsassıs olduğunu etiraf edib.