Avqustun 21-də saat 17.00 radələrində Abşeron rayonu ərazisində yerləşən “ABBA PLUS” MMC-yə məxsus mebel istehsal sexində usta işləyən Nazim Hüseynovun iş zamanı nərdivandan yıxılaraq hadisə yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Eləcə də bax: İş yerində ölən işçinin ailəsi nə qədər ödəniş almalıdır? - HESABLAMA, MƏBLƏĞLƏR
Baş Prokurorluğun mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.