İnternetdə Dövlət Neft şirkətinin (SOCAR) adından saxta məlumatlar yayılmağa başlayıb.
FED.az xəbər verir ki, socar.space ünvanında açılmış saytda həm SOCAR-ın özü, həm də Rusiyanın Gazprom şirkəti barədə həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib.
Saytın mobil versiyasında SOCAR-ın özü, desktop versiyasında isə «Gazprom»la bağlı məlumat yayılıb.
Bu saxta məlumatlarda bildirilir ki, sadə vətəndaşlar Azərbaycanın neft-qaz sektoruna vəsait yatıraraq qısa müddətdə böyük qazanc əldə edə bilərlər.
Məsələn, mobil versiyada yayımlanan video rolikdə SOCAR-ın imknaları, neft qaz layihələri, neft və qaz kəmərləri, bu kəmərlərlə ixrac edilən neft qaz və şirkətin bundan əldə etdiyi gəlirlər barədə məlumat verilir.
Bildirilir ki, guya 2020-ci il noyabrın 8-dən Azərbaycan hökuməti ilə SOCAR vətəndaşların da bu sahəyə yatırım edib pul qazanması üçün mikro investisiya layihəsinə başlayıb. Bunun köməyi ilə vətəndaşlar bu platformaya pul yatırıb qısa müddətdə qazanc əldə edə bilərlər. «Məsələn bu gün 500 dollar yatırırsınız, bir həftəyə sizin hesabınızda 800 dollar olur»-deyə rolikdə bildirilir. Saytda vətəndaşların qeydiyyatı üçün yer də var və rolikdə bildirilir ki, yatırım etmək üçün həmin xanaları doldurmaq lazımdır.
Oxşar mətn saytın desktop versiyasında yerləşdirilib, amma bu səhifə Rusiyanın «Gazprom» şirkətinin saytı kimi təqdim edilir. Burada deyilir ki, guya «Gazprom» şirkəti Azərbaycan vətəndaşlarına qaz ticarəti etməyə icazə verib və vətəndaşlar qaz sektoruna yatırım edib pul qazana bilərlər.
Burada da vətəndaşlara yatırım etmək üçün məlumatları daxil etmək təklif edilir. Məlumatları daxil etdikdə bildirilir ki, maliyyə məsləhətçisi tezliklə əlaqə saxlayacaq.
FED.az xəbər verir ki, Dövlət Neft Şirkətinin (SOCAR) özündən yayılan məlumata görə, səhifə Azərbaycan vətəndaşlarının şəxsi məlumatlarını əldə etmək məqsədini güdür. Bunun müqabilində vətəndaşlara saxta qazanc imkanı təklif olunur.
SOCAR-dan verilən açıqlamaya görə, SOCAR tam qətiyyətlə socar.space saytı ilə heç bir əlaqəsi olmadığını, internetdə insanlara bu cür qazanc imkanları təklif etmədiyini bildirir.
Bu səhifə SOCAR-ın korporativ nüfuzundan sui-istifadə etmək məqsədi ilə naməlum şəxslər tərəfindən açılıb. Müvafiq araşdırma aparıldıqdan sonra sözügedən səhifəni açmış şəxslərə qarşı SOCAR tərəfindən müvafiq hüquqi tədbirlər görüləcək.
Eyni zamanda, SOCAR Azərbaycan vətəndaşlarına səsləyərək, fırıldaqçı socar.space saytına aldanmamağa və həmin saytda öz şəxsi məlumatlarını paylaşmamağa çağırır.