Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun 2024-cü ilin yekunlarına həsr olunmuş hesabat xarakterli görüşü keçirilib.
Xaricə yükdaşımalarında elektron icazələrin verilməsi başlanıb
Dövlət Gömrük Komitəsindən (DGK) FED.az-a bildirilib ki, təşkil olunan görüş zamanı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Dövlət Gömrük Komitəsinin rəhbərlik etdiyi “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun fəaliyyət istiqamətləri barədə məlumat verərək, altqrupun 2024-cü il üçün Yol Xəritəsində öz əksini tapan tədbirlərin uğurlu icrasının ölkəmizin beynəlxalq reytinqlərdə irəliləməsinə töhvə verdiyini diqqətə çatdırıb.
Görüşdə cari il ərzində icra olunan tədbirlər müzakirə olunmaqla yanaşı, 2025-ci il üzrə qarşıda duran əsas prioritetlərlə bağlı fikir mübadiləsi aparılıb. Altqrupun rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov 2024-cü il üzrə Yol Xəritəsində qeyd olunan tədbirlərin əksəriyyətinin uğurla icra olunduğunu və xarici ticarət fəaliyyəti ilə əlaqədar bir neçə mühüm məsələnin icrası istiqamətində nəzərəçarpan irəliləyişlər əldə edildiyini bildirib.
Tədbirdə Yol Xəritəsinin müvafiq bəndlərinin icrası istiqamətində görülmüş işlərə dair məlumatlar verilib, altqrupun sentyabrın 24-də keçirilmiş görüşü zamanı qərara alınmış məsələlər və növbəti il üçün Yol Xəritəsinin formalaşdırılması ilə bağlı müzakirələr aparılıb.
Bildirilib ki, dövlət-biznes dialoqunun inkişaf etdirilməsi, xarici ticarət iştirakçıları üçün əlverişli münbit şəraitin yaradılması və xarici ticarət iştirakçıları tərəfindən qaldırılan məsələlərin operativ qaydada cavablandırılması dövlət orqanları ilə biznes subyektləri arasında əməkdaşlığın bariz nümunəsidir.
Daha sonra Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) layihəsinin 2024-cü ilin 11 ayının nəticələrinə dair təqdimat nümayiş etdirilib.
Sonda qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tədbirlərin vaxtında və keyfiyyətli icrasının təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Qeyd edək ki, komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupuna Dövlət Gömrük Komitəsi rəhbərlik edir.