İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın növbəti sayını təqdim edib.
İxracdan ən çox qazanan özəl Azərbaycan şirkətləri - YENİ SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, İcmala əsasən, 2026-cı ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 268,4 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 22,6% artaraq 103 milyon ABŞ dollarına bərabər olub.
2026-cı ilin yanvar ayında aqrar məhsullar üzrə ixrac 32,6% artaraq 85,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 21,9 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 23,8% artaraq 107,6 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl ( 33 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qabığı təmizlənmiş meşə fındığı (29,3 milyon ABŞ dolları) ikinci, xurma (təzə) (22,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin yanvar ayında Rusiya Federasiyasına 77 milyon ABŞ dolları, İsveçrəyə 38,6 milyon ABŞ dolları, Gürcüstana 31,6 milyon ABŞ dolları, Türkiyəyə 31,5 milyon ABŞ dolları, Ukraynaya isə 15,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.











