Bu ilin ilk 9 ayında Azərbaycandan 42,7 milyon dollar (72,7 milyon manat) həcmində 36 min 855 ton polipropilen ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, polipropilen ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1,4 milyon dollar (2,4 milyon manat) və ya 3,4% artıb, miqdar ifadəsilə isə cəmi 120 ton, başqa sözlə 0,3% artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 41,3 milyon dollar (70,3 milyon manat) dəyərində 36 min 734 ton polipropilen ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi polipropilenin 1 kiloqramının orta ixrac qiyməti 1 manat 97 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 91 qəpik idi. Bu da illik müqayisə ilə 6 qəpik və ya 3,1% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 0,25%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,78%-i polipropilenin payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,21% olub.