Bu ilin ilk 9 ayında Azərbaycandan 155,8 milyon dollar (264,9 milyon manat) həcmində 55 min 220 ton alüminium ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alüminium ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3,9 milyon dollar (6,6 milyon manat) və ya 2,6% çoxdur, miqdar ifadəsilə isə 1 min 422 ton, başqa sözlə 2,5% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 151,9 milyon dollar (258,2 milyon manat) dəyərində 56 min 642 ton alüminium ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi alüminiumun 1 kiloqramının orta ixrac qiyməti 4 manat 80 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 4 manat 56 qəpik idi. Bu da illik müqayisədə 24 qəpik və ya 5,3% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 0,84%-ü, qeyri-neft sektoru üzrə ixracın isə 5,88%-i alüminiumun payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,76% olub.