2025-ci ilin ilk 10 ayı ərzində Azərbaycana idxal olunan məhsulların ümumi statistik dəyəri 19 milyard 225 milyon ABŞ dolları təşkil edib.
Bu dövrdə ölkənin əsas idxal tərəfdaşlarından müxtəlif növ məhsullar idxal edilib.
FED.az-ın Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hazırladığı hesabata görə, idxalın strukturunda maşın, mexanizm və avadanlıqlar, nəqliyyat vasitələri, yeyinti məhsulları və sənaye xammalları üstünlük təşkil edib.
Hesabat dövründə yeyinti məhsullarının idxalı üçün 2 milyard 114 milyon dollar vəsait xərclənib ki, bu da ümumi idxalın 11%-i deməkdir. Ərzaq məhsulları arasında ən böyük paya malik olan məhsul buğdadır. Belə ki, 10 ay ərzində ölkəyə 1 milyon tondan artıq buğda gətirilib və bunun dəyəri 217,7 milyon dollar olub.
İdxal olunan digər mühüm ərzaq məhsullarından biri 299 min tondan çox həcmdə və 244,7 milyon dollar dəyərində tərəvəz və meyvələrdir. Həmçinin, bu dövrdə 21,5 min ton kərə yağı və süddən hazırlanmış digər yağların idxalına 148,1 milyon dollar, 133,6 min ton bitki və heyvan mənşəli piylər və yağların idxalına isə 201,5 milyon dollar xərclənib.
Sənaye məhsullarının idxalı ümumi idxalın əsas hissəsini təşkil edib. Ən böyük idxal kateqoriyası olan maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinə 2 milyard 968 milyon dollar (ümumi idxalın 15,44%-i) sərf olunub. İkinci yerdə isə nəqliyyat vasitələri və onların hissələri qərarlaşıb ki, onların idxal dəyəri 2 milyard 406 milyon dollar (12,52%) təşkil edib.
Qara metallar və onlardan hazırlanan məmulatların idxalı da yüksək göstəriciyə malikdir. Bu dövrdə ölkəyə 768 min tondan çox qara metal məmulatları gətirilib və buna 923,7 milyon dollar (4,80%) vəsait yönəldilib. Plastmassa və onlardan hazırlanan məmulatların idxalı isə 265 min tondan çox həcmdə və 483,9 milyon dollar dəyərində olub.
Digər əhəmiyyətli idxal məhsulları arasında geyim əşyaları və geyim üçün ləvazimatlar (397,2 milyon dollar), oduncaq və ondan hazırlanan məmulatlar (307,2 milyon dollar), əczaçılıq məhsulları (424,7 milyon dollar) və mebel və onun hissələri (123 milyon dollar) yer alıb.
"Digərləri" kateqoriyasına aid edilən məhsulların idxalı isə 8 milyard 894 milyon dollar təşkil edərək ümumi idxalın 46,26%-ni əhatə edib.













