2025-ci ilin ilk 10 ayında Azərbaycanın neft-qaz sektoru üzrə ixracın dəyəri 18 milyard 649 milyon dolları ötüb.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə hesabat dövründə ölkədən 20 milyon 754 min ton xam neft və neft məhsulları ixrac edilib ki, bunun dəyəri 10 milyard 849 milyon dollar təşkil edib. Bitumlu süxurlardan alınmış, tərkibində 70 faizdən çox neft olan məhsulların ixracı 587 min 805 ton həcmində olub və 327,7 milyon dollarlıq gəlir gətirib.
Eyni dövrdə 20 milyard 648 milyon kubmetr təbii qaz ixrac olunub və bu satışdan 7 milyard 417 milyon dollar gəlir əldə edilib. Neft koksunun ixrac həcmi 173 min ton, dəyəri isə 52,9 milyon dollar olub. Neft bitumunun ixracı isə digər məhsullarla müqayisədə daha az olub — 4 min 360 ton bitum ixrac edilib və bunun dəyəri 1,1 milyon dollar təşkil edib.
Neft-qaz sektoru ilə yanaşı, 2025-ci ilin ilk 10 ayında Azərbaycanın qeyri-neft ixracında da artım müşahidə olunub. Hesabat dövründə qeyri-neft sektorunun ümumi ixrac dəyəri 2 milyard 987 milyon dollar səviyyəsində olub. Bu dövrdə ölkədən 660 min tondan çox meyvə-tərəvəz məhsulu ixrac edilib və həmin məhsullar ümumilikdə 695 milyon dollarlıq gəlir gətirib. Ən çox ixrac olunan məhsullar arasında pomidor, kartof, alma, fındıq, nar və xurma üstünlük təşkil edib. Məsələn, bu dövrdə 146 min ton pomidor ixrac olunaraq 159,7 milyon dollar, 70 min ton kartof ixrac olunaraq 28,2 milyon dollar, həmçinin 15,4 min ton fındıq ixrac olunaraq 71,7 milyon dollar dəyərində gəlir əldə olunub. Meyvə-tərəvəzin emal məhsullarının ixracı da diqqət çəkir — 18,5 min ton məhsul ixrac edilib və bunun dəyəri 29,6 milyon dollar olub.
Qeyri-neft sənaye məhsulları üzrə də əhəmiyyətli göstəricilər qeydə alınıb. Təqdim edilən məlumata görə, 2025-ci ilin ilk 10 ayında ölkədən 950 min ton kimya sənayesi məhsulları ixrac edilib və bunun ümumi dəyəri 285,3 milyon dollar təşkil edib. Kimya məhsulları arasında ən böyük payı metanol və azot gübrəsi tutub: 377 min ton metanol ixrac edilib və 83,5 milyon dollar, 490 min ton azot gübrəsi isə 153 milyon dollar gəlir gətirib.
Plastmassa və onlardan hazırlanan məmulatların ixracı ümumilikdə 327 min ton təşkil edib və bu məhsullar ölkəyə 317,4 milyon dollar qazandırıb. Onların tərkibində 113 min ton polietilen, 101 min ton polipropilen və 86 min ton propilen sopolimerləri xüsusi yer tutur.
Hesabat dövründə pambıq sənayesi üzrə də stabil göstəricilər qeydə alınıb. Belə ki, 100 min ton pambıq iplik ixrac olunub və bu kateqoriyadan 149 milyon dollardan çox gəlir əldə edilib. Qara metallardan hazırlanmış məmulatların ixracı 74 min ton, dəyəri isə 76,2 milyon dollar olub.
Alüminium məhsulları üzrə ixrac göstəriciləri də yüksəlib — 62 min ton alüminium və alüminium məmulatı ixrac edilib və bunun dəyəri 175,4 milyon dollar təşkil edib. Bundan başqa, hesabat dövründə ölkədən 1,1 milyard kVt/saat elektrik enerjisi ixrac olunub və bu satış 64,5 milyon dollarlıq gəlir gətirib. Sement ixracı isə 795 min ton olmaqla, ölkəyə 50,1 milyon dollar qazandırıb.














