Cari ilin yanvar-mart aylarında Azərbaycana 35 milyon 308 min dollar dəyərində 830 ədəd elektromobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-ci iln eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 18 milyon 340 min dollar və ya 2,1 dəfə, miqdar ifadəsi ilə 422 ədəd və ya 2 dəfə artıb.
Qeyd edək ki, ötən ilin yanvar-mart ayları ərzində 16 milyon 969 min dollar dəyərində 408 ədəd elektromobil gətirilib.
Azərbaycana gətirilən elektromobillərin qiymətində də cüzi artım olub. Belə ki, 2024-cü ilin üç ayında 1 ədəd elektromobilin orta idxal qiyməti 42 min 540 dollar (72 min 319 manat) təşkil edib. 2023-ci ilin yanvar-mart aylarında isə ölkəyə gətirilən elektromobillərin orta qiyməti 41 min 590 dollar (70 min 703 manat) olmuşdu. Beləliklə son bir ildə idxal olunan elektromobillər 951 dollar (1 616 manat) və ya 2,3% bahalaşıb.