Cari ilin yanvar-fevral aylarında Azərbaycana 22 milyon 852 min dollar dəyərində 541 ədəd elektromobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-ci iln eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 13 milyon 532 min dollar və ya 2,5 dəfə, miqdar ifadəsi ilə 319 ədəd və ya 2,4 dəfə artıb.
Qeyd edək ki, ötən ilin yanvar-fevral ayları ərzində 9 milyon 320 min dollar dəyərində 222 ədəd elektromobil gətirilib.
Azərbaycana gətirilən elektromobillərin qiymətində də cüzi artım olub. Belə ki, 2024-cü ilin iki ayında 1 ədəd elektromobilin orta idxal qiyməti 42 241 dollar (71 809 manat) təşkil edib. 2023-ci ilin yanvar-fevral aylarında isə ölkəyə gətirilən elektromobillərin orta qiyməti 41 983 dollar (71 371 manat) olmuşdu. Beləliklə son bir ildə idxal olunan elektromobillər 258 dollar (438 manat) və ya 0,6% bahalaşıb.