Bu ilin ilk 2 ayında Azərbaycandan 42 milyon 245 min dollar həcmində 45 min 577 ton plastmassa və ondan hazırlanan məmulatlar ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, bu qrup üzrə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 948 min dollar və ya 2,2% azalıb, miqdar ifadəsilə isə 5 min 955 ton və ya 15% artıb.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 43 milyon 193 min dollar dəyərində 39 min 622 ton plastmassa ixrac olunmuşdu.
Bu ilin ilk 2 ayının nəticələrinə görə bu məhsulların 1 kiloqramının orta ixrac qiyməti 0,93 dollar (1 manat 58 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövrü ilə müqayisədə qiymət 0,16 dollar (0,27 manat) və ya 14,7% ucuzlaşıb.
Bu il ilk 2 ayda ümumi ixracın 1,15%-i, qeyri-neft sektoru üzrə ixracın isə 7,27%-i plastmassanın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstəricilər 0,91% və 8,91% olmuşdu.











