Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin rəhbərliyi ilə Azərbaycanda müvafiq sahədə fəaliyyət göstərən "Masdar", "ACWA Power" və "Gezhouba Group" şirkətlərinin nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər ediblər.
“ACWA Power” 2025-ci ildə “Xızı-Abşeron” külək elektrik stansiyasını - İSTİSMARA VERƏCƏK
FED.az xəbər verir ki, Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində əvvəlcə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovla görüş keçirilib.
Görüşdə Laçın rayonunda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilən layihələr, rayonun Minkənd ərazisində külək elektrik stansiyasının tikintisi üçün nəzərdə tutulan ərazilər barədə fikir mübadiləsi aparılıb.
Bioenerji, enerji səmərəliliyi, binalarda günəş enerjisindən istifadə ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib, günəş və külək elektrik stansiyalarının tikintisi ilə bağlı məsələlər müzakirə edilib. Bərpa olunan enerji sahəsində milli kontentin yaradılmasının xüsusi maraq kəsb etdiyi vurğulanıb.
Bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə Laçın və Kəlbəcər rayonlarında külək enerjisi potensialının yüksək olduğu nəzərə alınaraq bu ərazilərdə külək elektrik stansiyalarının tikintisi planlaşdırılır.
"Masdar", "ACWA Power" və "Gezhouba Group" şirkətlərinin nümayəndələri işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji layihələrinə investisiya yatırmaqda maraqlı olduqlarını bildirib. Tərəflər arasında növbəti görüşlərin keçirilməsi və müzakirələrin aparılmasına qərar verilib.
Səfər zamanı nümayəndə heyəti Zəngilan rayonunda "ağıllı kənd” konsepsiyası əsasında salınmış Ağalı kəndində də olublar.