“ACWA Power” şirkəti (Səudiyyə Ərəbistanı) 2025-ci ildə Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” külək elektrik stansiyasını istismara verəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən bildirilib.
“ACWA Power” Azərbaycanda ümumi gücü 2,5 QVt olan iki külək elektrik stansiyası - İNŞA EDƏCƏK
FED.az xəbər verir ki, Energetika naziri Pərviz Şahbazovun Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşündə stansiyanın tikintisi müzakirə olunub.
“Görüşdə 240 MVt gücündə “Xızı-Abşeron” külək elektrik stansiyası, quruda və dənizdə ümumi gücü 2.5 QVt olan külək enerjisi, həmçinin enerji saxlanc sistemləri layihələri üzrə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib. “Xızı-Abşeron” KES-in reallaşdırılması ilə bağlı fəaliyyət planı və müddətlər nəzərdən keçirilib. İmzalanmış müqavilələrdən irəli gələn məsələlər müzakirə edilib və stansiyanın tikintisinin intensivləşdirilməsi razılaşdırılıb. Külək elektrik stansiyasının 2025-ci ildə istismara veriləcəyi bildirilib”, - deyə məlumatda qeyd olunur.
Şahbazov “ACWA Power” şirkətini Naxçıvanda “yaşıl enerji” layihələrində iştiraka dəvət edib.
2020-ci il yanvarın 9-da Bakıda Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi haqqında İcra müqaviləsi imzalanıb. 2020-ci ilin dekabrında Energetika Nazirliyi və “ACWA Power” arasında “İnvestisiya müqaviləsi”, “Azərenerji” ASC ilə “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 külək turbini, Xızı rayonunun Sitalçay kəndində isə ümumi gücü 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.
Layihə build - own - operate (tik – sahib ol – idarə et) prinsipi əsasında həyata keçiriləcək. Layihənin ümumi dəyəri $300 milyon, investoru “ACWA Power” şirkətidir. Elektrik stansiyasında illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq, eyni zamanda, 220 milyon kubmetrədək qaza qənaət ediləcək.