ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib.
Eləcə də bax: ABŞ iqtisadiyyatının şah damarı çökdü - Fövqəladə Vəziyyət
FED.az xəbər verir ki, adı açıqlanmayan hökumət rəsmisi xakerlərin istədiyi 5 milyon dolların onlara ödəndiyini təsdiq edib.
Xatırladaq ki, ötən həftənin cümə axşamı DarkSide adlı kibercinayətkar qrup 8800 km-dən artıq nəhəng yanacaq kəməri sisteminə müdaxilə edərək, onun işini iflic vəziyyətinə salmışdı. Yaydığı açıqlamasında haker qrupu “siyasətdən və geosiyasi oyunlardan kənar olduğunu, boru kəmərini yalnız pul qazanmaq məqsədilə iflic vəziyyətə saldıqlarını və hər hansı hökumətə bağlı olmadıqlarını” bəyan etmişdi. ABŞ hökuməti və Federal Təhqiqatlar Bürosu müvafiq araşdırmalara başlasa da, görünür bu tədbirlər lazımi nəticə verməyib.
Dünən prezident Bayden jurnalistlərin xakerlərə pul ödənilməsi ilə bağlı suallarını cavabsız qoyub. Ağ Evin mətbuat katibi Cen Psaki isə federal hökumətin belə ödənişləri etməmək mövqeyində qaldığını, bu cür presedentlərin daha çox kiberhücumları stimullaşdıra biləcəyini qeyd edib. Kiber təhlükəsizlik və yeni texnologiyalar üzrə milli təhlükəsizlik müşavirinin müavini Anne Neoyerberq isə bunun “özəl sektorun qərarı” olduğunu bildirib: “Biz anlayırıq ki, kiberhücum qurbanları çox zaman çıxılmaz vəziyyətə düşür və tələb olunan haqqı ödəməklə bağlı başqa çıxış yolları olmadıqda mümkün itkilər və qazanclar arasında seçim etməli olur. Colonial özəl şirkətdir və biz onların tələb olunan pulu ödəyib-ödəməməsi barədə məlumatı açıqlamamağa üstünlük veririk”.
Əslində bu hadisə kibertəhlükəsizliyin nə qədər vacib olması və ən inkişaf etmiş texnoloji dövlətlərin belə “yumşaq yerlərinin” mövcudluğu gerçəyini bir daha üzə çıxarıb. Operator şirkət hələlik məsələ ilə bağlı mətbuatın sorğularını cavablandırmayıb. (Marja)