ABŞ-da həftəsonu ölkənin ən iri yanacaq boru kəmərində baş verən irimiqyaslı problem yeni iş həftəsində ciddi problemlər yarada bilər.
FED.az xəbər verir ki, ABŞ-ın cənubundan - Meksika körfəzi və Texasdan başlayaraq, şimal-şərq sahilinə - Linden, Nyu-Cersi və Nyu-Yorka qədər 5500 mil (8850 km) məsafədə uzanan və günlük 2,5 milyon barrel yanacaq nəql edən Colonial Pipeline Systems boru kəmərinin idarəetmə proqramı kiberhücuma məruz qalıb. Nəticədə kəmərin operatoru olan Colonial Pipeline Company ABŞ iqtisadiyyatının ən vacib infrastrukturlarından birinə müdaxilənin qarşısını almaq üçün sistemi tamamilə dayandırmalı olub.
ABŞ hökuməti problemi aradan qaldırmaq və kəskin mənfi nəticələrin qarşısını almaq üçün dünən axşam fövqəladə vəziyyət elan edib. Nəqliyyat Nazirliyinin açıqlamasında 50 milyon amerikalını benzin, dizel və təyyarə yanacağı ilə təmin edən kəmərin fəaliyyəti bərpa olunana qədər yanacaq qıtlığı problemini həll etmək üçün quru nəqliyyatı ilə yanacaq daşınmasına qoyulan limitlərin müvəqqəti götürüldüyü bildirilib. Hazırda operator şirkət, ABŞ Nəqliyyat Nazirliyi və Federal Təhqiqatlar Bürosu kiberhücumun mənbəyini araşdırır və proqram təminatına haker sızmalarının təmizlənməsi ilə məşğuldur.
Lakin boru kəmərinin nə vaxt fəaliyyətini bərpa etməsi ilə bağlı dəqiq məlumat yoxdur. “Biz xidmət həcmimizi bərpa etmək prosesindəyik və bunun yetərincə təhlükəsiz və federal qaydaların tələblərinə tam uyğun olduğuna əmin olduqdan sonra sistemi tam gücü ilə işə salacağıq.” - operatorun açıqlamasında bildirilib.
Ekspertlər anbarlarda olan yanacaq ehtiyatlarının tələbatı qısa müddətə ödəyəcəyini, lakin sistemin fəaliyyəti yeni iş həftəsinin ilk günlərində bərpa olunmasa, benzin və dizel qiymətlərinin kəskin artacağını bildirir. Bazar günü axşam benzin qiymətləri 4% bahalaşıb, daha sonra 2% aşağı düşərək, hazırda bir qallon üçün 2,16 dollar təşkil edir. Bugün yeni iş həftəsinə açılacaq birjaların məsələyə necə reaksiya verəcəyi maraqlıdır (Marja).