Azərbaycan və Türkiyə arasında imzalanan təbii qazın tədarükünə dair Anlaşma Memorandumuna əsasən, Türkiyənin dövlət şirkəti olan BOTAŞ "SOCAR Turkey Petrokimya" AŞ-yə ("SOCAR Türkiye Enerji"nin neft-kimya qolu) ildə 1,7 mlrd. kubmetr qaz tədarük edəcək.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Resmi Gazette"sində dərc edilən memorandumda bilidirilir.
Eləcə də bax: Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər - UZADIB
Sənədin mətninə əsasən, BOTAŞ tərəfindən 2024-cü il dekabrın 31-dək hər il "SOCAR Turkey Petrokimya" AŞ-yə 1,7 mlrd. kubmetrədək qazın tədarükünü nəzərdə tutur. Qeyd olunan həcmlər "SOCAR Türkiye Enerji"nin ehtiyaclarının ödənilməsinə yönəldiləcək.
Bundan əlavə, sənədə görə, tərəflər Azərbaycanda hasilat layihələrindən istehsal olunacaq qazın və ya əlavə "mavi yanacaq" həcmlərinin ötürmək üçün mövcud boru kəmərlərinin, o cümlədən Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin maksimum texniki imkanlarından istifadə etməyə çalışacaqlar. Türkiyə bu təbii qaz həcmlərinin yerli qaz bazarında ticarəti üçün lazımi dəstəyi verəcək.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib.
Qeyd edək ki, ötən il dekabrın 22-də Bakıda Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.