ABŞ Prezidenti Donald Trump Çinin Amerika neftini almağa razılaşdığını bildirib.
Trampın Çinə apardığı - 25 trilyon dollarlıq biznes komanda – MƏBLƏĞLƏR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Tramp Çin Dövlət Başçısı Si Cinpin (Xi Jinping) ilə Pekində keçirdiyi görüşdən sonra "Fox News" müsahibə verib.
Tramp deyib: “ABŞ-dan neft almaq istədiklərini qəbul etdilər. Texasa gedəcəklər. Çin gəmilərini Texas, Luiziana və Alaskaya göndərməyə başlayacağıq”.
Tramp Çinin İranla bağlı danışıqlarda kömək etməyə və Tehrana hərbi texnika və avadanlıqlar verməməyə razılaşdığını bildirib. O əlavə edib ki, Çin lideri Hörmüz boğazının açıq qalmasını və keçid rüsumlarından azad olmasını istəyir.
Hazırda Çin İran neftinin ən böyük alıcısıdır.
ABŞ hökumətinin məlumatına görə, Çin 2025-ci ildə İranın gündəlik təxminən 1,4 milyon barrel həcmində olan neft ixracının 90 faizini alıb.
Digər tərəfdən, ABŞ-ın Çinə xam neft və neft məhsulları ixracı ardıcıl ikinci ildə də azalıb. Ötən il ümumi ixrac 25 faiz azalaraq 237,8 milyon barrelə düşüb. Xüsusilə xam neft ixracı 2023-cü illə müqayisədə 95 faiz kəskin azalaraq 2025-ci ildə təxminən 8,4 milyon barrel səviyyəsinə geriləyib.
Çin Xarici İşlər Nazirliyi isə cümə günü yaydığı açıqlamada bildirib ki, iki lider cümə axşamı keçirilən görüşdə “bir sıra yeni razılaşmalar” əldə ediblər. Açıqlamada qeyd olunub ki, iki ölkə münasibətlərində növbəti üç il və daha sonrakı dövr üçün “konstruktiv və strateji sabitlik” təmin olunması barədə razılığa gəlinib.













