Tacikistanda maye qaz və benzinin qiymətlərinin davamlı artması yanacaqdoldurma məntəqələrində yanacaq qıtlığına səbəb olub.
FED.az xəbər verir ki, məlumatı “Asia-Plus” yayıb.
Bildirilib ki, bəzi yanacaqdoldurma məntəqələrində maye qazın qiyməti 8 somoniyə (1,30 manat) çatıb, daha ucuz olanlarda isə 7,20-7,80 somoni (1,20-1,22 manat) arasında limit tətbiq edilib.
Bildirilib ki, iki-üç saat ərzində yanacaqdoldurma məntəqələri bir gün üçün nəzərdə tutulan bütün yanacağı satır, növbəti günə qədər bağlanır.
Sürücülər şikayət edərək lazımi yanacaq növünü tapmaq üçün bir yanacaqdoldurma məntəqəsindən digərinə dolaşmağa məcbur olduqlarını vurğulayıblar. Məsələn, bu gün səhər saatlarında (oktyabrın 24-də) Düşənbə sakini olan sürücü ard-arda dörd yanacaqdoldurma məntəqəsində benzin tapmadığından şikayətlənib.
Yanacağın qiymətinin qalxması nəqliyyatda gedişhaqlarına da təsir göstərib. Əvvəllər 7 somani gedişhaqqı alan taksi sürücülərü indi eyni məsafəyə görə 10 somani tələb ediblər.
2023-cü ilin birinci yarısında respublikaya 100 milyon dollar dəyərində 174 min tondan çox müxtəlif markalı benzin idxal edilib. Bu həcmin 59 faizi “Qazpromneft-Tacikistan” şirkətinin payına düşür.
Qeyd edək ki, Tacikistan neft məhsullarını əsasən Rusiya (85,4 faiz), Qazaxıstan (5,1 faiz), Türkmənistan (4,4 faiz), Özbəkistan (2,6 faiz) və digər ölkələrdən (2,5 faiz) idxal edir.
Maye qaz isə əsasən Qazaxıstandan (73,5 faiz) və Rusiyadan (təxminən 24,7 faiz) nəql olunur. (Report)