“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) tərəfindən Türkiyənin Batman vilayətində neft-qaz quyularının qazılması layihəsinin icrası məqsədi ilə SOCAR-ın “Kompleks qazma işləri” tresti (KQİT) pre-kvalifikasiya mərhələsindən uğurla keçərək tenderin qalibi olub.
Eləcə də bax: SOCAR Türkiyənin cənubunda neft axtarışı ilə - MƏŞĞUL OLACAQ
SOCAR-dan FED.az-a verilən məlumata görə, TPAO ilə KQİT arasında 1 il müddətinə xidmət müqaviləsi imzalanıb.
Hazırda müqavilə üzrə müvafiq avadanlıqların əməliyyat sahəsinə daşınması prosesinə başlanılıb. Batman vilayətinə ezam olunmuş KQİT-nin nümayəndə heyəti burada vilayətin mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüş keçirib.
Görüşdə əməliyyat sahəsində işçilərin səmərəli fəaliyyəti üçün yaradılacaq əmək şəraiti, ekoloji və sosial məsələlər, habelə Türkiyə Respublikasının qanunvericiliyindən irəli gələn tələblər müzakirə edilib və potensial risklər qiymətləndirilib.
Layihənin icrası ilə əlaqədar həmçinin, Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər nazirliyi ilə görüş keçirilib. Görüşdə SOCAR-ın Türkiyədəki uğurlu fəaliyyətinin qazma işlərində də davam edəcəyi bildirilib, KQİT və TPAO arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib.