Dövlət Neft Şirkəti - SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Türkiyə” əvvəlki öhdəliklərini təkrar maliyyələşdirmək məqsədi ilə “JP Morgan” və “Citi” başda olmaqla kredit institutlarından 1,3 milyard ABŞ dolları həcmində kredit alıb.
Eləcə də bax: “Qısamüddətli borclarımızı 90 milyon ABŞ dolları azaltdıq” – Baş Direktor
Şirkətdən FED.az-a bildirilib ki, təkrar maliyyələşmə əməliyyatı şirkətin maliyyə öhdəliklərini artırmır və əvvəlki səviyyədə sabit saxlayır.
Kredit dünyanın nüfuzlu banklarından olan JP Morgan Securities plc (“JP Morgan”) və Citibank N.A.-nın London filialı (“Citi”) başda olmaqla kredit institularından əldə edilib.
Pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı gərginliyin davam etdiyi bir şəraitdə alınan kreditin ödəmə müddəti daha uzun, faizi isə əvvəlki kreditlərdən daha aşağıdır. Belə ki, kredit dünyanın qabaqcıl bank və maliyyə təşkilatlarının iştrakı ilə yaradılan sindikat tərəfindən SOCAR-ın təminatı ilə 5 il müddətinə və illik LIBOR/EURIBOR +3.45% faiz ilə cəlb edilib.
«Bu vəziyyət qlobal maliyyə dairələrində SOCAR-ın və “SOCAR Türkiyə”-nin sağlam maliyyə strukturuna və güclü mövqeyinə etimadın təzahürü kimi dəyərləndirilir. Təkrar maliyyələşdirmə əməliyyatı nəticəsində kənardan cəlb edilən vəsait şirkətin əvvəlki öhdəliklərinin bir hissəsini əvəzlədiyinə görə SOCAR üçün əlavə öhdəlik həcmi yaratmamışdır»-deyə şirkətin bununla bağlı açıqlamasında bildirilir.
Bu əməliyyatda “SOCAR Türkiyə”-nin hüqüqlarını Ünsal Avukatlık Ortaklığı, Vinson & Elkins RLLP və Omni Law Firm qoruyub.
“SOCAR Türkiyə” İdarə Heyətinin sədri Rövnəq Abdullayev bildirib ki, “JP Morgan” və “Citi” başda olmaqla dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən bu miqyasda və əlverişli şərtlərlə kreditin ayrılması pandemiya səbəbindən bazarlarda davam edən qlobal qeyri-müəyyənlik şəraitində “SOCAR Türkiyə”-yə olan böyük etimadın təzahürüdür. «Beynəlxalq maliyyə mənbələrindən əhəmiyyətli həcmdə maliyyə vəsaitlərinin cəlb edilməsi SOCAR Qrupun likvidlik göstəricilərinin yaxşılaşdırılmasına səbəb olur, eyni zamanda layihələrimizin maliyyə institutları tərəfindən dəstəkləndiyinin ifadəsidir»-deyə R.Abdullayev bildirib.