“Neft-kimya bazarında Asiya və Amerika ilə əlaqəli tədarük zəncirindəki qırılmalarla yanaşı ehtiyacdan artıq alışın yaratdığı tələb “Petkim”in də istehsalçısı olduğu məhsulun qiymətlərində qlobal bir yüksəlişə yol açıb”.
FED.az xəbər verir ki, bu barədə “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in Baş direktoru Anar Məmmədov söyləyib.
Petkim”in 2021-ci ilin ikinci rüb maliyyə göstəricilərini dəyərləndirən A.Məmmədov qeyd edib ki, peyvəndləmənin genişlənməsi ilə əlaqədar pandemiyanın bitəcəyi barədə gözləntilər də ümumi tələbə təkanverici təsir göstərmiş və müşahidə olunan bütün bu dönüşlər “Petkim”in rekord səviyyəyə çatan gəlirində öz əksini tapıb.
“İstehsal xərclərinin ötən ilə nisbətən 110 %, naftanın qiymətinin isə 60% artdığı bir dövrdə STAR NEZ ilə fasiləsiz inteqrasiyalı istehsalımız “Petkim”də gəliri yüksəldən digər bir mühüm hərəkətverici qüvvə oldu. İstehsal gücündən istifadəni də ötən ilin müvafiq rübünə nisbətən 2,5% artıran “Petkim”, məlum olduğu kimi, eyni zamanda məhsul satışı ilə yanaşı ticari satışlar da həyata keçirir”, - deyə Anar Məmmədov vurğulayıb.
Bu satışlardakı artımın da rekord gəlirə mühüm töhfə verdiyini söyləyən baş direktor bildirib ki, hesabat dövründə reallaşan 7 milyard 397 milyon lirəlik ümumi dövriyyənin 2 milyard 649 milyon lirəsi ticari satışların payına düşüb:
“Əldə etdiyimiz bu yüksək maliyyə göstəricisinə müasir qlobal dönüşləri düzgün qiymətləndirərək sürətli və düzgün addımlar atmağımızın da böyük rolu olub. Əldə etdiyimiz gəliri düzgün dəyərləndirərək qısamüddətli borclarımızı da təxminən 90 milyon ABŞ dolları azaltdıq. Bu isə xalis faiz məsrəflərimizi azaltdığı üçün xalis gəlirimizə də müsbət təsir göstərdi. Bütün bunlarla yanaşı, aktivlərimizi 23 %, kapitalımızı 29 % artıraraq maliyyə mövqeyimizi gücləndirdik”.
“SOCAR Türkiyə” rəhbəri düşünür ki, pandemiya səbəbindən dalğalanmaların hələ də davam etdiyi bir şəraitdə nümayiş etdirilən bu uğurlar qlobal rəqabətdəki mövqelərini daha da möhkəmləndirəcək. (Valyuta.az)