Malayziyanın “Petronas” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişindəki payını satmağa qərar verəndən sonra layihənin tərəfdaşları arasında saziş üzrə üstünlük hüquqlarına dair müddəalara uyğun olaraq, SOCAR “Petronas” şirkətinə məxsus olan 4,35%-lik iştirak payını alıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, SOCAR-dan məlumata görə, “Petronas” şirkətinə məxsus 15,5%-lik iştirak payının qalan hissəsi “Şahdəniz” layihəsində iştirak edən “Lukoil” və BP şirkətləri tərəfindən satın alınıb.
Eləcə də bax: bp öz Şahdəniz layihəsindəki payını artırır - Mətbuat Üçün Açıqlama
Bununla da SOCAR-ın “Şahdəniz” layihəsində birbaşa iştirak payı 14,35%-ə yüksəlir. Bu şərtlər nəzərə alınmaqla müvafiq sazişin 2022-ci ilin yanvar ayında qüvvəyə minməsi gözlənilir. Bundan əlavə, səhmlərinin 51%-i Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və 49%-i SOCAR-a məxsus Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyəti də “Şahdəniz” layihəsində 6,67% malikdir.
Qeyd edək ki, “Şahdəniz” layihəsi üzrə tərəfdaş şirkətlərin iştirak paylarındakı dəyişikliklər Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Cənubi Qafqaz Boru Kəmərində şirkətlərin səhm paylarının bölgüsünə də aid edilmiş və müvafiq şirkətlərin kəmər üzrə iştirak paylarında da eyni nisbətdə dəyişikliklər təsbit olunub.
Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi SOCAR və beynəlxalq şirkətlərin konsorsiumu arasında 4 iyun 1996-cı il tarixində imzalanıb. Yataq Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 70 kilometr cənub şərqdə yerləşir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizi ilə bağlı yekun investisiya qərarı 17 dekabr 2013-cü il tarixində qəbul edilib. 2018-ci ildə “Şahdəniz 2” layihəsi çərçivəsində hasil edilmiş ilk təbii qaz həcmləri Türkiyə bazarına daxil olub. 31 dekabr 2020-ci il tarixindən etibarən “Şahdəniz” yatağından hasil edilən təbii qaz həcmləri Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinə də nəql olunmaqdadır.