bp Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng Şahdəniz yatağındakı iştirak payını artırmağa qərar verib.
FED.az xəbər verir ki, bu, PETRONAS şirkətinin daha öncə elan olunmuş iştirak payının satışı ilə bağlı bp-nin öz üstünlük hüququndan istifadə etmək haqqında Şahdəniz layihəsindəki tərəfdaşları ilə apardığı danışıqlar vasitəsilə qərarlaşdırılıb.
bp özünün əməliyyatçısı olduğu Şahdəniz yatağı üzrə PETRONAS şirkətindən 1,16% iştirak payını 168 milyon dollar məbləğinə almaq haqqında razılığa gəlib. Bu məbləğ PETRONAS tərəfindən öncə elan edilmiş Şahdəniz üzrə sövdələşmənin eyni kommersiya şərtləri əsasında razılaşdırılıb. Nəticədə bp-nin Şahdənizdəki ümumi iştirak payı 29,99% təşkil edəcək və bp yatağın operatoru olaraq qalacaq.
Bu sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək başa çatacağı gözlənilir.