Alternativ investisiya imkanları təqdim edən SOCAR İstiqrazları 17 oktyabr tarixində baş tutacaq 12-ci faiz ödənişi ilə birlikdə sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollarlıq gəlir qazandıracaq və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 15 milyon dollara yüksələcək.
“SOCAR Capital” şirkətindən FED.az verilən məlumata əsasən, nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının 1.25 milyon dollarlıq rüblük faiz məbləği Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.
Eləcə də bax: İstanbul Hava Limanı təyyarə yanacağını – SOCAR-ın «STAR» ZAVODUNDAN ALACAQ
İnvestorların ehtiyaclarına uyğun şəkildə dizayn edilməsi, yüksək gəlirlilik, yüksək likvidlik, alqı–satqı əməliyyatlarının asanlığı (hətta 1 milyon dollarlıq istiqrazı cəmi 1 saata satmaq mümkündür), faiz ödənişlərinin qrafikə uyğun aparılması və SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti – hansı ki, indiyədək belə bir əməliyyatın aparılmasına ehtiyac olmayıb – SOCAR İstiqrazlarının əsas xüsusiyyətlərini təşkil edir.
SOCAR İstiqrazı sahibləri sərfəli şərtlərdə REPO əməliyyatı ilə qısamüddətli kredit cəlb edə və ya istiqrazı Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan 2 il müddətinədək illik faiz dərəcəsi 15–16% olan Manat krediti götürə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və cəlb etdikləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə enmiş olur.
Xatırladaq ki, SOCAR İstiqrazları Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağızdır və ASAN Xidmət mərkəzlərindən (1 və 5 saylı) əldə edilməsi mümkündür.