Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti 2022-ci il dekabrın 20-də Türkiyəyə səfər edib.
“SOCAR Türkiyə’’ mükafata layiq görülüb – ƏRDOĞAN ZAUR QURBANOVA TƏQDİM ETDİ
Səfər çərçivəsində “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib. İclasda cari ilin yekunlarına dair müzakirələr aparılıb, 2023-cü il üçün planlar müəyyənləşdirilib.
Azərbaycan qazının Türkiyə və Avropaya nəqlini həyata keçirən, Cənub Qaz Dəhlizinin önəmli seqmentlərindən biri olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) İdarə Heyətinin iclasında TANAP-ın cari ildəki fəaliyyəti haqqında təqdimatlar edilib, gələcək hədəflər və bu istiqamətdə görüləcək işlər müzakirə olunub.
Səfər çərçivəsində SOCAR prezidenti Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşüb. Görüşdə ölkələrimiz arasındakı qarşılıqlı dostluq və qardaşlıq münasibətlərindən, yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, Türkiyə və Azərbaycan arasında bütün sahələrdə, o cümlədən energetika sahəsində faydalı əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda SOCAR-ın Türkiyədəki fəaliyyətinin genişləndirilməsi və qarşılıqlı maraq doğruran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
2022-ci il dekabrın 21-də SOCAR-ın nümayəndə heyəti, həmçinin Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Melih Han Bilginlə görüşüb. Görüşdə SOCAR və TPAO arasında səmərəli əməkdaşlıqdan bəhs edilib, mövcud və potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.