Gürcüstana təbii qazın əsas tədarükçüsü olan “SOCAR Georgia Gas” şirkəti (SGG, SOCAR-ın törəmə şirkəti) 2021-ci il dekabrın 1-dən kommersiya abonentləri üçün 1 kubmetr təbii qazın qiymətinin ƏDV daxil olmaqla21% - 1,15 lariyə qədər (təxminən $0,36) artırılacağını elan edib.
Eləcə də bax: Qazı və enerjini az işlədənlər üçün də qiymətlər artdı – YENİ RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, “Qiymətlərin tənzimlənməsi zərurəti xidmət xərclərinin artması və milli valyutanın məzənnəsinin dəyişməsi, eləcə də dünyada enerji daşıyıcılarının qiymətinin bahalaşması ilə bağlıdır. Eyni zamanda, çörəkbişirmə şirkətləri üçün qazın qiyməti dəyişməz olaraq qalacaq”, - deyə şirkətin məlumatında bildirilir.
Qeyd olunur ki, şirkət qeyri-əhali abonentləri üçün təbii qazın qiymətini son 2,5 il ərzində (2019-cu il martın 1-dən – İF) 0,95 lari səviyyəsində saxlamışdı.
“SOCAR Georgia Gas” MMC 2007-ci ildə Gürcüstanda təbii qaz bazarının inkişaf etdirilməsi məqsədilə təsis edilib. Şirkət ölkə ərazisinə (Tbilisi istisna olmaqla) təbii qazın tədarükü və paylanmasını həyata keçirir, bölgələrin qazlaşdırılmasına və qaz infrastrukturunun inkişafına $300 milyondan çox sərmayə yatırıb. SGG 250 mindən çox yeni abonentin qaz şəbəkəsinə qoşulmasını təmin edib və hazırda bölgələrdə 600 mindən çox abonentə xidmət göstərir.
2021-ci il üçün təbii qaz balansına əsasən, Azərbaycan Gürcüstana qazın əsas tədarükçüsü olaraq qalır. Azərbaycandan 2 milyard 518,7 milyon kubmetr təbii qazın alınması nəzərdə tutulur ki, bu da 2020-ci ilin göstəricisindən 8,1% çoxdur.