SOCAR-da işçilərin bir qismi istehsalat zərurəti ilə boşdayanmalara göndərilib.
FED.az xəbər verir ki bu barədə SOCAR İRD-dən məlumat verilib.
Məlumata görə, yeni növ koronavirus dünya ölkələrinin iqtisadiyyatında müəyyən çətinliklər yaradıb. Qlobal miqyasda istehsalın dayandırılması və məhdudlaşdırılması nəticəsində neftin qiyməti kəskin ucuzlaşıb.
SOCAR İRD-nin rəis müavini Elnur Hüseynov bildirib ki, yaranan vəziyyətlə əlaqədar OPEC+ radikal addımlar atmağa məcbur olub:
"OPEC+ hasilatın azaldılması ilə bağlı razılığa gəlib. Bu razılaşma Azərbaycanda da neft hasilatını müxtəlif həcmlərdə azaltmaq öhdəliyi yaradıb. Nəticədə bu, SOCAR-da müəyyən boşdayanmalara gətirib çıxarıb. Yəni, işçilərin bir qismi istehsalat zərurəti ilə boşdayanmalara göndərilib.
Əsas məqsədimiz odur ki, insanları yenidən hazırlayaq, ixtisaslarını artıraq və onları mümkün SOCAR daxilində müxtəlif vəzifələrə yerləşdirək".
SOCAR İRD-nin karyera planlama və personalla əlaqələr şöbəsinin rəisi Sadiq Sadiqov isə qeyd edib ki, boşdayanma zamanı işçi onlayn şəkildə vebinarlara cəlb olunur:
"Təlimlərə əsasən elektron testdə iştirak edir və onların nəzəri bilik səviyyəsi qiymətləndirilir.
Test bu qiymətləndirilmənin bir hissəsidir. Testdən əlavə biz, hər işçinin təhsilə görə müəyyən qədər bal verəcəyik, iş stajı nəzərə alınacaq, əgər, beynəlxalq sertifikatı varsa, o da nəzərə alınacaq. Həmçinin, rəhbər qiymətləndirilməsi də həyata keçiriləcək".
Beləliklə, aşağı səviyyədə qiymət alanlar isə 2-ci peşəyə yiyələnmək təklif olunacaqlar. Bu şəxsləri təlim-tədris mərkəzlərinə yönləndiriləcək. Onlar burada hazırlanacaq və nəticədə 2-ci peşəyə yiyələnərək vakansiyalara cəlb olunacaqlar.
Qeyd edək ki, dünyada neftin qiymətinin aşağı düşməsi SOCAR-ın da gəlirlərinə mənfi təsir edib. Hasilatın azalması nəticəsində isə hələ 2019-cu ildən şirkətin gəlirləri və mənfəəti kəskin azalıb.
Koronavirus pandemiyası və neftin ucuzlaşmasından sonra isə son bir ay ərzində ölkə mətbuatında SOCAR-ın öz xərclərini optimallaşdırması (yəni xərcləri azaltması) və ixtisarlara getməsinin vacibliyi barədə ekspert rəyləri yayılmağa başlayıb.