Azərbaycanın ən böyük şirkəti - Dövlət Neft Şirkətinin (SOCAR) 2019-cu il üzrə maliyyyə göstəriciləri açıqlanıb.
Eləcə də bax: SOCAR-da iş rejimi - DƏYİŞDİRİLİB
FED.az xəbər verir ki, «Ernst & Young Holdings (CIS) B.V.» şirkətinin hazırladığı illik hesabatı əsasən, 2019-cu ildə SOCAR-ın xalis mənfəəti - 651 milyon manat olub, bu əvvəlki illə müqayisədə təqribən 47% azdır.
Bu dövrdə şirkətin qısamüddətli aktivləri 0,6% azalaraq 19 milyard 167 milyon manat, uzunmüddətli aktivləri isə 7,8% artaraq 46 milyard 208 milyon manat olub.
Nəticədə şirkətin ümumi aktivləri 5,2% artaraq 65 milyard 375 milyon manat olub.
Şirkətin ümumi öhdəlikləri isə 7,5% artaraq 41 milyard 047 milyon manat təşkil edib.
SOCAR-ın cari aktiv və cari öhdəliklərində 1%-dən aşağı nisbətdə cüzi azalma qeydə alınıb
Hesabat ilində şirkətin ümumi dövriyyəsi (gəlirləri) 83,8 milyard manat təşkil edib. Bu əvvəlki illə müqayisədə 24 milyard manat və ya 22,3% azdır.
Bu dövrdə şirkətin əməliyyat xərcləri də 23,6% azalaraq 77 milyard 960 milyon manat olub.
Nəticədə şirkət 2019-cu ili 2 milyard 584 milyone manat əməliyyat mənfəəti ilə başa vurub. Bu əvvəlki ildən 28% azdır.
Şirkətin xalis mənfəəti isə 651 milyon manat təşkil edib ki, bu da əvvəlkii ildən 46,8% az təşkil edir.
FED.az xəbər verir ki, şirkətin əsas hissəsi üçüncü tərəflərin neft və neft məhsulları ilə aparılan ticarət əməliyyatlarının payına düşür. Hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınıb, bunun da 63,7 milyard manatı İsveçrədəki SOCAR Trading və SOCAR Energy Holding şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşüb.
Mənfəət nisbəti yüksək olan istehsal və nəql kimi sahələrdə ötən il şirkətin gəlirləri artmaqda davam edib, bu artım Türkiyədə 88,6%, Gürcüstanda isə 4,3% təşkil edib.
2019-cu ildə müvafiq olaraq, xam neftin satışından 51,1 milyard manat, neft məhsullarının satışından isə 22,2 milyard manat gəlir əldə oluub. Şirkətin gəlirlərində ən böyük artım 25%-lə təbii qazın satışında qeydə alınıb ki, bunun da səbəbi “Şahdəniz-2” layihəsində və Ümid yatağında hasilatın yüksəlməsidir.