SOCAR Bakı-Novorossiysk boru kəməri (Şimal boru kəməri) ilə neft nəqlini dayandırıb.
Eləcə də bax: "Fors-major olmasa, 2020-ci ildə neftin qiyməti - 55-65 DOLLAR OLACAQ"
FED.az xəbər verir ki, bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, sözügedən xətlə neftin nəqlinin dayandırılması texniki xarakter daşıyır.
"Bu il nəql məqsədi ilə bu kəmərdən (Bakı-Novorossiysk – red.) istifadə etməmişik. Nəql üçün bir neçə kəmərdən istifadə edə bilərik. Həcmləri bir istiqamətdən digər istiqamətə yönəldə bilirik", - deyə İ. Əhmədov bildirib.
O, həmçinin, qeyd edib ki, bu il üzrə Şimal neft kəməri üçün hələlik son təsdiq olunmuş nəql planı (həcm və tarix üzrə – red.) yoxdur: "Bu il Bakı-Novorossiysk kəməri ilə neft tədarük edilə bilər. Dediyim kimi, bu, istisna edilmir. Amma hələlik vaxt və həcm üzrə plan yoxdur".
Xatırladaq ki, Energetika Nazirliyinin məlumatına gərə, ötən il SOCAR Bakı-Novorossiysk neft kəməri ilə 824,4 min ton neft nəql edib, bu göstərici 2018-ci illə müqayisədə 36,5% azdır.
Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1 147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu 916 kilometr.