SOCAR AQŞ-nin 2022-ci il üzrə Təcrübə Proqramı uğurla başa çatıb.
Eləcə də bax: "SOCAR AQŞ" daha bir xarici layihəni uğurla - BAŞA ÇATDIRIB
FED.az xəbər verir ki, proqramda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Fransa Azərbaycan Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbələri təcrübə qazanmaq və karyerə yolunda uğurla addımlamaq üçün iştirak ediblər.
Satınalma və təchizat zəncirinin idarə edilməsi, geologiya və yeraltı əməliyyatlar, eləcə də qazma mühəndisliyi ixtisası üzrə yeni bilik və bacarıqlara yiyələnən 8 təcrübəçi proqramı uğurla bitiriblər.
Proqramın sonunda qazma mühəndisliyi ixtisası üzrə təcrübə qazanmaq imkanı əldə edən Həmzət Hudulov və Gündüz Mahmudov SOCAR AQŞ-nin onlara texniki biliklərdən əlavə praktiki iş bacarıqlarını aşıladığını, şirkət daxilində peşəkar mühəndislər ilə beynəlxalq standartlar və şirkət dəyərləri çərçivəsində əvəzolunmaz biliklər əldə etmək imkanları qazandıqlarını vurğulayıblar. Komanda rəhbərləri və mentorlar tərəfindən təcrübəçilərin inkişafına birbaşa nəzarət edilməsi və hər cür dəstəyin göstərilməsi onların bu peşə üzrə ixtisaslaşması yolunda əsas rollardan birini oynayıb. Hər iki təcrübəçi proqramı uğurla tamamladıqdan sonra Həmzət Hudulov gələcək üçün planlarını təhsil yönümlü seçdiyi halda, Gündüz Mahmudov SOCAR AQŞ ailəsinə qoşularaq karyerasını kiçik qazma mühəndisi kimi davam etdirir.
Geologiya və yeraltı əməliyyatlar şöbəsində təcrübə proqramına qoşulan Rövşən Ələsgərov, Əmir Əliyev və Toğrul Babayev proqram haqqında SOCAR AQŞ-də əldə olunmuş biliklərin onlara karyeraları ilə bağlı daha real və əsaslandırılmış qərarlar qəbul etməyə imkan verəcəyini və qazma sənayesində lider şirkət kimi ən yaxşı təcrübə imkanı olduğu fikirlərini bizimlə bölüşüblər. Təcrübə proqramını müvəffəqiyyətlə tamamlayan Əmir Əliyev və Toğrul Babayev öz təhsillərini davam etdirməyi qərara aldığı halda, Rövşən Ələsgərov peşəkar fəaliyyətini SOCAR AQŞ kollektivinə qoşularaq təcrübəçi geoloq rolunda davam etdirir.
Təcrübələrini satınalma və təchizat zəncirinin idarə edilməsi şöbəsində tamamlayan İlkin Səfərli, Günel Zeynallı və Sona Qənbərova nəzəri biliklərinin praktikada səmərəli istifadə edilməsi və layihələrin düzgün idarə edilməsi mövzusunda SOCAR AQŞ-nin töhfəsinin əvəzolunmaz olduğunu bildiriblər. Proqramı uğurla başa vuran təcrübəçilərdən İlkin Səfərli satınalma və təchizat zəncirinin idarə edilməsi komandasında gələcək karyera yoluna davam edir.
Təcrübəçilərlə görüşən Baş direktor Samir Mollayev onları proqramı bitirmələri münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzu edib. Samir Mollayev SOCAR AQŞ-nin hər zaman gənclər üçün yeni fürsətlər yaratdığını, bundan sonra da təcrübə qazanma və karyera qurmaları istiqamətində onlara dəstək göstərəcəklərini bildirib.
Proqram sonunda hər bir iştirakçı sertifikatlarla təltif olunub.
Qeyd edək ki, SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma Şirkəti tərəfindən yaradılmış kompleks qazma və quyu xidmətləri şirkətidir.
Qabaqcıl qazma texnologiyalarını təmin edən və yeni idarəetmə üsullarını tətbiq edən SOCAR AQŞ quyuların qazılması sahəsində uzun illər fəaliyyət təcrübəsinə malikdir.
SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.
SOCAR AQŞ 2009-cu ildən Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) üzvüdür və bütün müvafiq beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.