"SOCAR AQŞ" MMC Qazaxıstanın kəşfiyyat və hasilat şirkəti olan Eureka Oleum üçün kompleks qazma layihəsini təhlükəsiz və səmərəli şəkildə başa çatdırıb.
Eləcə də bax: SOCAR Türkiyədə qazma üzrə tenderin - QALİBİ OLUB
FED.az xəbər verir ki, layihə çərçivəsində "SOCAR AQŞ" "Eureka Oleum" şirkətinə aid üç neft yatağında qazma nəzarəti xidmətləri göstərmişdir. Xidmətlərə dərinliyi 3 176, 3 222 və 3 600 metr olan istiqamətli neft quyularının qazılmasına nəzarət daxil idi. SOCAR AQŞ sifarişçiyə əməliyyatlara müntəzəm nəzarətdə, həmçinin SƏTƏM, quyuya nəzarət, mürrəkkəb geofiziki ölçü avadanlıqlarından istifadə etməklə məlumatların toplanması, kern nümunəsinin götürülməsi, yan lülələrin qazılması və digər quyudibi mürəkkəbləşmələr zamanı dəstək göstərib.
“SOCAR AQŞ qazma və quyulara texniki xidmət göstərilməsi sahəsində böyük təcrübəyə, eləcə də quruda və dənizdə mürəkkəb yataqlarda qazma əməliyyatları üçün bilik və texniki imkanlara malikdir. Hazırkı beynəlxalq inkişaf hədəflərimizin bir hissəsi olaraq, Eureka Oleum ilə olan bu layihə bizim təcrübəmizi bölüşmək üçün daha bir fürsət oldu.
Layihə zamanı insanların təhlükəsizliyi bizim əsas prioritetimiz idi və biz çox şadıq ki, işlər təhlükəsizlik tələblərinə tam uyğun aparılıb,” - "SOCAR AQŞ"nin Baş direktoru Samir Mollayev bildirib.
"SOCAR AQŞ" Qazaxıstanda ilk qazma layihəsinin idarə edilməsini 2020-ci ildə üzərinə götürüb və uğurla başa çatdırıb. Müqavilə "Eureka Oleum" yataqlarından birində 3 100 metr dərinlikdə istiqamətləndirilmiş neft quyusunun qazılmasına nəzarəti əhatə edirdi. 2021-ci ildə "SOCAR AQŞ" dərinliyi 3 309 və 3 241 metr olan daha iki neft quyusunun idarə edilməsini davam etdirib.
"SOCAR AQŞ" 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), "Nobel Energy"nin və "Abşeron Qazma Şirkəti"nin yaratdığı kompleks qazma və quyu xidmətləri şirkətidir. Qabaqcıl qazma texnologiyalarını təmin edən və yeni idarəetmə üsullarını tətbiq edən "SOCAR AQŞ" quyuların qazılması sahəsində uzun illər fəaliyyət təcrübəsinə malikdir. "SOCAR AQŞ" ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir.
"SOCAR AQŞ" 2009-cu ildən Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) üzvüdür və bütün müvafiq beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.