“Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə 1,644 mlrd. ABŞ dolları sərf edib.
Eləcə də bax: Azərbaycanın ən böyük neft sahəsindən - HASİLAT AZALIB
FED.az yatağın operatoru “BP-Azerbaijan” şirkətinin yaydığı hesabata əsasən xəbər verir ki, 2019-cu ildə “Şahdəniz” üzrə fəaliyyətlərə 544 mln. ABŞ dollarına yaxın əməliyyat xərcləri və 1,1 mlrd. ABŞ dolları əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
2019-cu ildə “Şahdəniz” layihəsi üzrə əməliyyat xərclərinin həcmi 2018-ci ildən 5,9%, əsaslı xərclər isə 23,6% az olub.
2019-cu ildə yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 16,8 mlrd. standart kubmetr qaz və təqribən 3,5 mln. ton (28,6 mln. barel) kondensat hasil edilib. 2019-cu ildə “Şahdəniz” yatağından qaz hasilatının həcmi 2018-ci ildən 46%, kondensat hasilatının həcmi isə 40% çoxdur.
Bildirilib ki, ötən ilin iyul ayının sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edib.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 56 mln.(ildə 20 milyarddan artıq) standart kubmetrdir.
“2019-cu ildə “Şahdəniz 2” layihəsinin dənizdə və qurudakı obyektlərinin əməliyyatlara tam təhvili başa çatıb. Layihə komandası ilk hasilat ilində “Şahdəniz 2” qurğularının yüksək səmərəliliyini təmin etmək məqsədilə əməliyyatlara dəstək verməyə davam edib.
İl ərzində layihə çərçivəsində sualtı quraşdırma işləri, o cümlədən 2021-ci ildə yatağın şərq-cənub cinahından hasilatın başlanması üçün dərin sularda avadanlıqların quraşdırılması işləri davam edib. Qaz hasilatını planlaşdırılan sabit səviyyəyə çatdırmaq üçün qarşıdakı illərdə Xankəndi sualtı tikinti gəmisi və İsrafil Hüseynov borudüzmə gəmisi vasitəsilə sualtı qurğuların daşınması və quraşdırılması işləri davam edəcək”, - məlumatda bildirilib.
Məlumata görə, 2019-cu ildə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
“İstiqlal” qazma qurğusu şərq cinahın cənub hissəsində bir, qərb cinahın cənub hissəsində iki, şərq cinahın şimal hissəsində isə iki sualtı quyu tamamlayıb. Qurğu daha sonra şərq cinahın şimal hissəsində iki quyu lüləsinin üst intervalını qazıb. “Maersk Explorer” qurğusu SDH01 quyusunu tam dərinliyədək, şimal cinahda bir quyu lüləsinin üst intervalını və qərb cinahın cənub hissəsində iki quyu lüləsinin üst intervalını qazıb. Qurğu daha sonra qərb cinahın cənub hissəsində SDF03 quyusunu tam dərinliyədək qazıb və SDF04 quyusunun alt hissəsini qazmağa başlayıb.
Bu iki qurğu “Şahdəniz 2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 17 quyu qazıb və bunlardan 16-sını tamamlayıb. Bildirilib ki, qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.
Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
Report