2019-cu ildə Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarından hasilat 195 milyon bareldən artıq, yəni 26 milyon ton olub.
FED.az xəbər verir ki, bu barədə BP Azərbaycan şirkətindən bildirilib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 213 milyon barrel, yəni 29 milyon ton təşkil etmişdi. Beləliklə, ötən il Azərbaycanın ən böyük neft sahəsində hasilat azalıb.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2019-cu il ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 567 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 476 milyon dollara yaxın əsaslı məsrəflər xərclənmişdir.
2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (ACE) layihəsinə sanksiya verilib. 6 milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 000 barelədək neft hasil etmək gücündə layihələndirilmişdir və istismar müddəti ərzində onun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.
AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).