“Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinə “Dostluq” ordeni təqdim olunub.
Eləcə də bax: "Rosneft Apreldən etibarən neft istehsalını artıracaq"
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Bununla əlaqədar Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidenti Elşad Nəsirov və digərləri Moskvada İqor Seçinlə görüşüblər.
Görüşdə Polad Bülbüloğlu Azərbaycan Prezidentinin “Rosneft”in baş icraçı direktoru İ.Seçinə təbrik məktubunu oxuyub və “Dostluq” ordenini ona təqdim edib.
İqor Seçin, öz növbəsində, Prezident İlham Əliyevə ünvanlandığı, bu yüksək mükafata görə təşəkkürünü bildirdiyi məktubu Azərbaycan səfirinə verib. O, həmçinin Azərbaycan neftçilərinin və SOCAR şirkətinin ünvanına xoş sözlər söyləyib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev yubilyara “Azərbaycanın Əməkdar neftçisi” diplomunu və döş nişanını təqdim edib.
Görüşdə, həmçinin Azərbaycan və Rusiya arasında energetika sahəsində, xüsusən SOCAR və “Rosneft” arasında əməkdaşlığın bundan sonrakı inkişafı üzrə geniş fikir mübadiləsi aparılıb. (Azərtac)