Tarif həssas məsələdir, burada sosial sazişə, cəmiyyətlə dövlətin səmimi müzakirəsinə ehtiyac var.
"1,5 milyard kubmetr qaza qənəat ediləcək"
FED.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə energetika nazirinin müavini Elnur Soltanov deyib.
Elnur Soltanov bildirib ki, tariflər müəyyən həddin üzərində olmalıdır: “Tariflər aşağıdırsa, bu səmərəliliyi qarşılamaz. Ona görə optimal qərarlar verilməlidir. 97 % qazlaşma bir az anormal rəqəmdir. Avropada bu rəqəmin olmaması normaldır. Avropada dağ kəndinə qaz çəkilməsinin maliyyəti o qədər çoxdur ki, kəndi daha münbit əraziyə köçürmək daha az xərc tələb edir. Azərbaycanda satılan qaza qənaət edilib, Avropa bazarına çıxarılarsa, satılarsa, daha çox səmərə gətirə bilər. Cəmiyyət səmimi müzakirələrə hazır olmalıdır”.
Nazir müavini qeyd edib ki, xərc əsasında tarif metodologiyası hazırlanıb: “Azərişıq”, “Azərqaz” və “Azərenerji”nin bütün xərcləri toplanıb tarifdə öz əksini tapmalıdır. Elektrik enerjisində bütün dünyada ötürmə monopoliyadır, bunun başqa yolu yoxdur. Generasiya artıq dünya ölkələrində özəlləşdirilib, bu istiqamətdə də bizdə də iş gedir. Qanunumuz bizə diktə edir ki, elektrik enerjisində özəlləşdirməyə gedək. Qazda bu, bir az çətin olacaq. Çünki qazda istehsalçı birdir”. (Apa)