Elektrik enerjisinin sakinlərə və hüquqi şəxslərə ötürülməsi və paylanması ilə məşğul olan "Azərişıq" ASC 2021-ci ili 12 milyon 666 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, ASC 2020-ci ili 2 milyon 866 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Azərişıq" şirkətinin xalis mənfəəti 4,4 dəfə artıb.
Eləcə də bax: Hökumət “Azərişığ”ın 145 mln. manatlıq borcunu ona - BAĞIŞLAYIB
SATIŞDAN GƏLİRLƏRİ ARTIB
FED.az xəbər verir ki, 2021-ci ildə "Azərişıq" ASC-nin satışdan cəmi gəlirləri 1 milyard 325 milyon 6 min manat təşkil edib. 2020-ci ldə şirkətin satışları 1 milyard 216 milyon 65 min manat təşkil etmişdi (ötən il satışdan gəlirləri 9% artıb). Eyni zamanda, "Azərişıq" 4 milyon 226 min manat sair gəlirlər əldə edib (2020-ci ildə 69 min manat).
Gəlirlərin artması, debitor borclar üzrə dəyərsizləşmə zərərinin və mialiyyə xərclərinin azalması hesabına ötən il "Azərişıq" ASC-nin xalis mənfəətində artım baş verib.
31 Deakbr 2021-ci il tarixində "Azərişıq" ASC 2 milyard 654 milyon 168 min manat cəmi aktivlərə malik olub. Aktivlərin təxminən 81 milyon manatını ticari və debitor borclar təşkil edib.
Ötən il satışın maya dəyərinin 975 milyon 518 min manatını alınmış elektrik enerjisinin dəyəri təşkil edib. (Marja)