Dekabrın 18-də dünyanın bir neçə gəmiçilik nəhəngi Yəmən husi üsyançılarının hücumlarının artması səbəbindən gəmilərinin Qırmızı dənizlə hərəkət etməyəcəyini açıqlayıb.
BP Qırmızı dəniz vasitəsilə bütün daşımaları dayandıracaq
FED.az xəbər verir ki, Qırmızı dənizdə ticarət marşrutu üzrə tədarükdə yaranan çətinliklərlə əlaqədar həmin gün neftin qiyməti kəskin artıb. Şimal dənizindən tədarük olunan “Brent” markalı neftin bir barelinin qiyməti 1,24 faiz artaraq 77,50 dollar təşkil edib. Bu markanın ABŞ ekvivalenti olan “West Texas Intermediate” (WTI) neftinin bir bareli 1,19 faiz artaraq 72,28 dollara çatıb.
Danimarkanın “Maersk” ikinci böyük gəmiçilik şirkəti, Almaniyanın “Hapag-Lloyd” gəmiçilik və konteyner şirkəti və İtaliya-İsveçrə “MSC” aparıcı gəmiçilik şirkəti Qırmızı dənizi Aralıq dənizi ilə birləşdirən Süveyş kanalında Yəmən husi üsyançılarının hücumuna məruz qalıb. Böyük Britaniyanın BP şirkəti bu bölgədəki "dəniz nəqliyyatında təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsini nəzərə alaraq" Qırmızı dənizdəki bütün tranzitləri dayandırdığını elan edib.
Norveçin “DNB Markets” aparıcı investisiya bankının analitikləri hesab edirlər ki, dünya gəmiçilik nəhənglərinin qərarı “beynəlxalq neft ticarətinin bu həyati vacib damarı üçün risk ehtiva edir. Bazarlar gəmilərin əlçatanlığı və qiymətlər baxımından nəticələri yaxşı dərk edirlər”.
Hind okeanını Aralıq dənizi və beləliklə də Avropanı Asiya ilə birləşdirən Qırmızı dəniz dünyanın su yolları şəbəkəsinin mühüm həlqəsidir. Süveyş kanalından hər il təxminən 20 min gəmi keçir. (Azərtac)