““Azəriqaz” İB qaz sayğaclarının sıfırlanmasının ilin sonunda aparılması üçün mexanizm fikirləşməlidir. Hər il “Azəriqaz” İB mexaniki sayğac istifadəçisi olan abonentlərin qaz sayğaclarının son göstəricilərini növbəti ilin yanvar ayının 8- 15-dək götürür. Yəqin ki, proses bu il də təkrarlanacaq”.
Eləcə də bax: “Azəriqaz” gələn ildən daha müasir sayğaclara - KEÇİD EDƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yazıb. O qeyd edib ki, bu halda götürülən rəqəmlər abonentin 2021-ci ilin dekabr ayının qaz sərfiyyatına daxil olunacaq:
“Bu da limiti keçən abonent üçün ikiqat məbləğ deməkdir. Bildiyiniz kimi, rayonlarda qaz sərfiyyatı daha çox olur, nəinki şəhər evlərində. Əksər abonentlər artıq noyabr ayında limiti keçir və qaz sərfiyyatı üçün ikiqat ödəniş edir”.
Problemlə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevlə əlaqə saxlandı. O, bildirib ki, dekabrın 31-dən etibarən sözügedən sayğacların sıfırlanmasına başlanılır və proses ən qısa zamanda tamamlanacaq:
“Bakı ərazisində 400 minə yaxın, ölkə ərazisində isə 1,5 milyon mexaniki sayğac var. 200 nəfər əməkdaşla bu sayğacların oxunması mümkün deyil. Ona görə də dekabrın 31-dən etibarən abonentlər 077 3104104 votsap nömrəsinə sayğacın üz qabığını çəkib atsınlar. Bayram günləri də bizim əməkdaşlarımız iş başındadır və çalışacağıq ki, bu prosesi ən qısa zamanda tamamlayaq”.
Problemin birdəfəlik həllinə gəlincə isə, E. Vəliyev əlavə edib ki, işçi sayını artırmaqla bu prosesin öhdəsindən gəlmək mümkün deyil. Problemin tamamilə həll edilməsi üçün mexaniki sayğacların smart sayğaclarla əvəzlənməsinə başlanılıb. Abonentlər smart sayğaclara keçəndən sonra bu sahədə heç bir problem qalmayacaq.