“Azəriqaz” İB 2022-ci ildə daha müasir sayğaclara keçid edəcək.
Eləcə də bax: Gələn ildən abonentlər qaz pulunu internetlə - YÜKLƏYƏ BİLƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, bu sayğacların üzərinə sim kart ödəmə qurğuları quraşdırılacaq və abonentlər mobil telefonla balansını artıra biləcək. “İlkin olaraq pilot layihə kimi tətbiq olunacaq və 10 min sayğac üzərində bu təcrübəni yoxlayacağıq”, - deyə baş direktor qeyd edib.
Bundan əlavə, Ruslan Əliyev “Azəristiliktəchizat” ASC-nin Birliyə olan borcu ilə bağlı məsələyə də bir daha münasibət bildirərək borcla bağlı bu gün “Azəristiliktəchizat” ASC-yə məktub göndərildiyini söyləyib: “Azəristiliktəchizat”a dövlət tərəfindən yardım olunur. Həmin yardımın bir hissəsi 12 milyon manatdır. Hətta dövlət tərəfindən yardımlar olsa da, qurum bizə tam ödəniş edə bilməz. Ona görə də biz dekabr ayının 15-dən borclu qazanxanalar üzrə qazın dayandırılmasını həyata keçirəcəyik”.
Ruslan Əliyev, həmçinin “Azəriqaz” İstehsalat Birliyinin öz iqtisadi göstəricilərinin olduğunu, bu ilin 11 ayı ərzində “Azəriqaz” İB-nin “Azərkontrak” ASC-dən aldığı qazın 100 faiz dəyərini, ümumilikdə 575 milyon 350 min manatını ödədiyini, həmin məbləğin içərisində “Azəristiliktəchizat” ASC-yə verilən qazın dəyərinin də olduğunu mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.