İnkişaf etməkdə olan neft istehsalçısı ölkələri arasında Mozambik, Əlcəzair, Bəhreyn və Oman neftin ucuzlaşmasına qarşı ən az dayanıqlıdır.
Eləcə də bax: SOCAR Ərəbistandan - NEFT ALACAQ
FED.az "report”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın “Oxford Economics” analitik agentliyi bəyan edib.
Qurumun ekspertləri hesab edir ki, əsas gəliri neft ixracından olan ölkələr bu il böyük büdcə kəsiri ilə üzləşəcəklər. Belə ki, neftin qiyməti bundan sonra 30 ABŞ dolları civarında qalsa, Bruney, Əlcəzair, Bəhreyn, Oman, Boliviya, Qana kimi ölkələr büdcə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı problem yaşayacaqlar, Norveç, Qətər, Küveyt, Konqo kimi neft ölkələrinin isə yenə də büdcə qalığına malik olacaqları gözlənilir.
Əlcəzair, Bəhreyn və Oman həm də ticarət kəsiri və dövlət borcu sarıdan yüksək göstəricilər nümayiş etdirir.
"Birləşmiş Ərəb Əmirlikləri, Botsvana, Çili, Rusiya, Küveyt, Meksika, Azərbaycan, Qazaxıstan, İndoneziya kimi ölkələrin iqtisadiyyatı nisbətən ürəkaçan görünür”, - deyə qeyd edən hesabat müəllifləri neftin baha olduğu dövrdə adıçəkilən ölkələrin zəruri ehtiyatlar yaratmağa müvəffəq olduqlarını diqqətə çatdırıblar.