Türkiyənin təbii qaz idxalı ötən il 2022-ci ilə nisbətən 7,64 faiz azalaraq 50,48 milyard kubmetrə çatıb.
FED.az xəbər verir ki, 2023-cü il Türkiyənin idxal etdiyi təbii qazın 71,73 faizi yəni, 36,21 milyard kubmetri boru kəmərləri ilə, qalan 14,27 milyard kubmetri, yəni 28,27 faizi mayeləşdirilmiş təbii qaz (LNG) kimi alınıb.
Ötən il təbii qaz idxalının 66,39 faizi uzunmüddətli idxal lisenziyası çərçivəsində, 33,61 faizi isə spot əsasında həyata keçirilib.
Qeyd olunan dövrdə Türkiyə 21 fərqli ölkədən təbii qaz idxal edib. Təbii qaz idxalında Rusiya 42,27 faiz payla birinci, Azərbaycan 20,32 faizlə ikinci, Əlcəzair 11,86 faizlə üçüncü, İran 10,71 faizlə dördüncü və ABŞ 7,95 faiz payla beşinci yerdə qərarlaşıb.
Ümumi idxalın 90,45 faizi BOTAŞ, 3,43 faizi “Akfel Qaz Sənaye və Ticarət AŞ”, 2,77 faizi “Bosphorus Qaz”, 1,98 faizi “Kibar Enerji”, 0,97 faizi “SOCAR Enerji”, 0,39 faizi isə “Ege Gaz AŞ” tərəfindən həyata keçirilib.
Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) illik təbii qaz sektoru hesabatında bildirilib ki, Türkiyə Azərbaycandan ötən il 10 milyard 257 milyon kubmetr təbii qaz idxal edib. Azərbaycandan spot boru qaz idxalı BOTAŞ və “SOCAR Enerji” tərəfindən həyata keçirilib.
Qeyd edək ki, 2001-ci il martın 12-də imzalanmış alqı-satqı müqaviləsinə əsasən, Türkiyə Azərbaycandan təbii qaz idxalına 2007-ci ildən başlayıb. (Azərtac)