Yəmən husilərinin hücumları səbəbindən neft daşınmasının qiyməti bahalaşıb.
Qırmızı dənizdə vəziyyət gərginləşdikcə - DAŞIMA XƏRCLƏRİ ARTIR – DÜNYA ÜZRƏ YENİ QİYMƏTLƏR
FED.az xəbər verir ki, bunu Londondakı Baltik Birjasının məlumatları da təsdiqləyir.
Qırmızı dənizdəki münaqişəyə görə Yaxın Şərqdən emal olunmuş məhsulların Yaponiyaya çatdırılması üçün neft tankerinin icarə haqqı 3 faiz artaraq gündə 101 min dollara çatıb. Bu, pandemiyadan bəri daşınma üzrə yeni rekorddur.
Bab əl-Məndeb boğazından və Süveyş kanalından yan keçərək Afrika qitəsini dövrə vurmaq zərurəti gəmilərin uzun məsafələr qət etməsinə səbəb olur. Məlumata görə, tankerlər ölçüsündən asılı olaraq, Yaxın Şərqdən Avropaya neft tranzitindən gündə 97 min dollardan 117 min dollara qədər qazanır.
Bazar iştirakçılarının fikrincə, üsyançıların hücumları səbəbindən enerji resurslarının çatdırılma müddəti əhəmiyyətli dərəcədə arta bilər. Qətərdən Böyük Britaniyaya Afrika qitəsindən yan keçməklə maye qazın daşınması təxminən 27 gün çəkəcək ki, bu da qiymətlərin artmasına səbəb olacaq.
Husilərin hücumları səbəbindən 500-dən çox konteyner gəmisi yüklərin çatdırılması üçün marşrutlarını dəyişib. Bu gəmilər geyim və oyuncaqlardan tutmuş avtomobil hissələrinə qədər müxtəlif məhsullar daşıyırdı. Marşrutların dəyişilməsi səyahət vaxtını da orta hesabla iki həftə artırır ki, bu da çatdırılan məhsulun son dəyərinin artmasına səbəb ola bilər. (Azərtac)