Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya neftinə tavan qiymət tətbiq edən ölkələrə neft satmayacaqlarını bildirib: «Biz tavan qiymət tətbiq edəcək ölkələrə neft və neft məhsulları tədarük etməyi planlaşdırmırıq. Neftimizi başqa ölkələrə satacağıq və hasilatı azaldacığıq».
Eləcə də bax: Rusiya bu ölkələrə neft satmayacaq, Moskva üçün - NEFTİN SƏRFƏLİ QİYMƏTİ AÇIQLANDI
FED.az xəbər verir ki, Novak bununla ABŞ və Avropa Birliyinin (AB) Rusiya nefti üçün mümkün tavan qiymət tətbiqinə münasibətini açıqlayıb.
Novak bildirib ki, enerji bazarını siyasət üçün istifadə etmək düz deyil: «Enerji sektorunun siyasətdə istifadə edilməsi yalnız qaynaq çatışmazlığına və enerji təchizatında problemlərə səbəb olacaq».
Rusiyalı nazir qeyd edib ki, neftdə tavan qiymət tətbiqi indiyədək neft bazarında görünməyən hadisədir. Onun sözlərinə görə, bu addım neft bazarına investisiyaları azaldacaq və neftdə və başqa enerji daşıyıcılarında kəsir yaradacaq.
Xatırladaq ki, iyul ayında təsdiqlənmiş 6-cı sanksiya paketi çərçivəsində Avropa Birliyi Rusiyadan xam neft tədarükünü dekabrın 5-dək, emal olunmuş məhsul tədarükünü isə fevralın 5-dən etibarən tamamilə dayandırmaq qərarına gəlib.
Keçən ay qəbul edilən və Rusiyanın neft satışlarına tavan qiyməti daxil edən 8-ci sanksiya paketi çərçivəsində xam neft və məhsulların Rusiyadan üçüncü ölkələrə dəniz yolu ilə daşınmasına əlavə məhdudiyyətlər qoyulub.
Rusiya neftinə hanqsı qiymət tavanının qoyulması isə sabah noyabrın 23-də açıqlanacaq. İlkin məlumatlara görə, əvvəlcə Qərb ölkələri Rusiya neftinə 40-60 dollar arası qiymət limiti müəyyən etsələr də, sonradan bu rəqəmi bir qədər artırmağı qərara alıblar ki, Rusiya neft hasilatından ümumiyyətlə imtina etməsin.