Azərbaycanın Energetika naziri Pərviz Şahbazov neft hasilatını azaltmaq üçün "OPEC+" sazişində iştirak edənlərin sayını artırmağa çağırıb.
Eləcə də bax: 2020-2021-ci illərdə neftin orta qiyməti - 40 dollar civarında olacaq
FED.az xəbər verir ki, nazir bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq video-konfransda çıxış edərkən bildirib.
"Neft bazarındakı sabitlik bütün iştirakçıların maraqlarına cavab verir. Bu baxımdan ölkələri və digər istehsalçıları cəlb etməklə "OPEC+" formatının daha da genişləndirilməsini vacib sayıram", - deyə P. Şahbazov qeyd edib.
P.Şahbazov hesab edir ki, neftə olan tələbatın böhrandan əvvəlki səviyyəsinin bərpası ən azı iki il çəkə bilər.
"Təəssüf ki, indiki qeyri-müəyyənliyi nəzərə alsaq, tələbin gələcəkdə tam bərpa olunacağını inamla gözləmək olmaz. Bəzi hesablamalara görə, neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır", - deyə nazir əlavə edib. (Apa)