Hazırda Avropanın 10-dan çox ölkəsinin Azərbaycan qazına olan ümumi tələbatı illik 30 milyard kubmetrdən çoxdur və bu layihələr əlavə tədarükün mühüm mənbələri qismindədir.
Bolqarıstanda qaz Azərbaycandan tədarüklər hesabına - UCUZLAŞDI
FED.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Energetiklər Günü münasibətilə rəsmi qəzetdə dərc edilmiş məqaləsində bildirib.
P. Şahbazov qeyd edib ki, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə indiyənədək Avropaya 28,7 milyard kubmetr Azərbaycan qazı nəql edilib.
Onun sözlərinə görə, neft-qaz sektoruna investisiyaların azaldığı bir dövrdə həm qaz yataqlarının işlənilməsi, həm də gələn il "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə "Azəri Mərkəzi-Şərqi" yatağında hasilata başlanması məhz uzaqgörən siyasətin töhfələridir: “2024-cü il 30 illik müqavilənin bitmə və XXI əsrin müqaviləsinin işə düşmə tarixidir. Bu cür planlama, "Əsrin müqaviləsi"nin uzadılmasına doğru vaxtda qərar verilməsi bir daha göstərir ki, cənab İlham Əliyev həmişə dəyişiklikləri hazırlıqlı qarşılayır”.
Nazir bildirib ki, dövlət başçısının enerji təhlükəsizliyi və enerji keçidi ilə bağlı siyasəti dünyada balanslaşdırılmış enerji sisteminə nail olmağın da münasib yoludur: “Bu siyasət ondan ibarətdir ki, "yaşıl enerji" keçidi sürətləndirilməlidir. Eyni zamanda qlobal enerji istehlakının hazırda təxminən 55 %-ini təşkil edən neft-qaz mənbələri inkişaf etdirilməlidir. Çünki qısa müddətdə neft-qazdan istifadəyə son verməklə enerji təhlükəsizliyi, əlçatanlıq və davamlılıq arasında balansı təmin etmək mümkün görünmür. Ona görə də bu gün ölkəmizdə ənənəvi və bərpaolunan enerji mənbələri paralel inkişaf etdirilir və bu siyasət enerji təchizatında dayanıqlılığı və enerji resurslarımıza olan ehtiyacları qarşılamağı təmin edir”.
P. Şahbazov qeyd edib ki, bu xüsusda iyulda istismara verilən, indiyədək 453 milyon kubmetr qaz və 171 min ton kondensatın hasil edildiyi "Abşeron" yatağı, həmçinin işlənmədə olan "Qarabağ", "Ümid" (Mərhələ-II), "Babək" və "Azəri-Çıraq-Günəşli" dərin qaz layihələrini xüsusi qeyd edilməlidir. (Report)