Bolqarıstanda qazın qiyməti Azərbaycandan tədarüklər hesabına ucuzlaşıb.
Prezident: “Azərbaycan ilin sonuna kimi Macarıstan və Serbiyaya təbii qaz tədarük edəcək"
FED.az xəbər verir ki, Bolqarıstanın Enerji və Su Tənzimləyici Komissiyası (EWRC) oktyabrda təbii qazın qiymətini çıxış imkanı, ötürmə, aksizlər və ƏDV nəzərə alınmadan, bir meqavatt-saat üçün 60,41 lev (təqribən 30 avro) səviyyəsində təsdiqləyib ki, bu da sentyabrdakı qiymətlərdən (bir meqavatt-saat üçün 63,35 lev) 4,6 faiz ucuzdur.
"Bulgargaz" şirkətinin nümayəndələri açıq iclasda bildiriblər ki, TTF qazının qiymət indeksinin artımına baxmayaraq, ay ərzində qiymətlərin təqribən 8 faiz ucuzlaşdığına dair qərar qəbul olunub.
Tənzimləyici orqan bazar günü "Bulgargaz" şirkətinin təqdim etdiyi yenilənmiş məlumatların təhlilindən sonra qiyməti təsdiqləyib.
Tənzimləyici orqan daxili bazar üçün hesablanmış həcmin üç müxtəlif tədarük mənbəyi hesabına təmin olunduğunu müəyyən edib. Oktyabr üzrə qiymət miksi Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə tədarük olunan Azərbaycan təbii qazının bütün müqavilə həcmini əhatə edir. Bu həcmlər ay ərzindəki istehlakın 52 faizini qarşılayır və sərfəli qaz qiymətlərinə nail olmağın təminatıdır.
"Bulgargaz" regiondan treyderlərlə oktyabr ayı üzrə maye təbii qaz (MTQ) tədarükü üzrə iki saziş imzalayıb.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.
Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir. (Trend)