Macarıstanın MOL şirkəti Xəzər regionunda kəşfiyyat və hasilat layihələrində Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti ilə birgə iştirak etməyi planlaşdırır.
SOCAR və “MOL Hungarian Oil and Gas” Şamaxı-Qobustan sahəsi üzrə anlaşdı
FED.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
"MOL Group” yeni strateji tərəfdaşlıq sayəsində beynəlxalq portfelini gücləndirir. Biz TPAO ilə karbohidrogen kəşfiyyatı və hasilatı sahəsində gələcəkdə strateji tərəfdaşlar kimi qarşılıqlı dəstək üçün Anlaşma Memorandumu imzaladıq”, - məlumatda bildirilib.
Qeyd edilib ki, bu sənəd MOL-un "Shape Tomorrow" uzunmüddətli planına uyğundur: "Məqsədimiz növbəti 5 il ərzində gündəlik hasilat həcmini ən azı 90 min barel neft ekvivalenti səviyyəsində saxlamaqdır. Buna görə də kəşfiyyat və hasilat bölməmiz beynəlxalq portfelini daha da gücləndirmək üçün əlindən gələni edəcək".
MOL vurğulayıb ki, şirkət Mərkəzi və Şərqi Avropanın enerji təchizatının təhlükəsizliyinə və rəqabət qabiliyyətinə töhfə verməyə kömək edən strateji tərəfdaşlıq əlaqələri qurmağa çalışır.
“MOL Group”un icraçı vitse-prezidenti Jombor Marton sosial şəbəkələrdəki paylaşımında izah edib ki, bu Anlaşma Memorandumunun imzalanması ilə şirkətlər uzun illər ərzində birgə beynəlxalq layihələr çərçivəsində əməkdaşlığı yeni səviyyəyə qaldırmaq barədə razılığa gəliblər.
"Biz Türkiyədə geoloji kəşfiyyat sahəsində və digər regionlarda potensial layihələrdə tərəfdaşlıq barədə razılığa gəldik: Xəzər regionunda, Şimali Afrikada və Yaxın Şərqdə, həmçinin Mərkəzi və Şərqi Avropada kəşfiyyat və hasilat layihələrində mümkün birgə iştirak”, - deyə, o qeyd edib.
Hazırda MOL və TPAO Azərbaycanda "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işlənməsi layihəsinin səhmdarlarıdır. (Report)