“Lukoil” şirkətinin təsisçisi Vahid Ələkbərov hesab edir ki, Yaxın Şərqdəki münaqişənin qlobal neft bazarına təsiri qısamüddətli olacaq.
Həm faydası, həm itkisi var - Prezident Hörmüz böhranının Azərbaycana təsirini açıqladı
FED.az xəbər verir ki, Vahid Ələkbərov bu barədə “Vesti” telekanalına müsahibəsində bildirib.
“Bu gün neft qiymətləri ətrafında çoxlu müzakirələr gedir. Biz hesab edirik ki, İran problemi lokal xarakter daşıyır, lakin qlobal bazara təsir göstərir. Bu problem çox tez aradan qalxa bilər, buna görə də strategiyanı onun üzərində qurmaq olmaz. Strategiya real qiymətlər və real iqtisadiyyat üzərində qurulmalıdır”, — deyə o, bildirib.
Hörmüz boğazında baş verənlərin Rusiya yanacaq-enerji kompleksi üçün problem olub-olmaması ilə bağlı suala cavab verən Ələkbərov deyib: “Bu problem deyil, bu, büdcə və şirkətlər üçün əlavə gəlirdir. Lakin anlamalıyıq ki, bu gəlir çox qısamüddətli olacaq. Əvvəllər etdiklərimizi inkişaf etdirmək lazımdır”.
Onun sözlərinə görə, neftə tələbat və qlobal bazarda rəqabət artmaqda davam edəcək. “Qlobal bazardakı rəqabət heç yerə getməyib, o qalır və daha da güclənəcək. Çünki bizim məhsulumuza bütün dünya tərəfindən tələbat var. Bu gün çox sayda ölkənin əhalisi bizim məhsulun istehlakına qoşulur”, — Ələkbərov qeyd edib. (banker)













