Rusiyanın “Lukoil” neft-qaz şirkəti artıq Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsində rəsmi tərəfdaşdır.
Eləcə də bax: "Lukoil" “Petronas”ın “Şahdəniz” layihəsindəki payının - 9,99%-Nİ ALACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Sövdələşməyə görə, “Lukoil” şirkəti bu layihədə 25 % iştirak payının sahibi oldu.
Qeyd edək ki, 2021-ci ilin sentyabr ayının sonunda BP şirkəti Abşeron Yarımadasının Dayazsulu Hissəsi geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25 %-ni “Lukoil” şirkətinə satmağı razılaşdırmışdı.
Alqı-satqı əməliyyatının tamamlandığına görə BP-nin AYDH layihəsindəki iştirak payı 25 % təşkil edir. BP həmçinin geoloji-kəşfiyyat dövründə AYDH hasilatın pay bölgüsü haqqında sazişinin (HPBS) operatoru olaraq qalır. Hal-hazırda AYDH sazişində iştirak payları belədir: SOCAR-ın Ortaq Neft Şirkəti – 50 %, BP – 25 % və “Lukoil” – 25 %.
Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AYDH dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS bp və SOCAR arasında 2014-cü ilin dekabr ayında Bakıda imzalanıb və 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunub. AYDH dəniz blokunun Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına 16 avqust tarixində başlanıb və qazma işlərinin 2021-ci ilin 4-cü rübündə tamamlanacağı gözlənilirdi. Quyunun ümumi dərinliyinin 2 424 metrə çatacağı planlaşdırılır. Bundan sonra quyudan əldə edilmiş məlumat analiz ediləcək və göstəricilər uğurlu olarsa, nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.
AYDH kontrakt sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Bu ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layların dərinliyi 2 000-5 000 metr arasındadır.
Müqavilə sahəsində 2016-cı ildə 3D (üçölçülü) seysmik tədqiqat proqramı həyata keçirilib.
Kontrakt sahəsindən əldə edilmiş üçölçülü məlumatların emalı və interpretasiyası tamamlandıqdan sonra 2017-ci ildə bp tərəfindən SOCAR-a üç perspektiv sahə ilə (Şimal Xali, Bibiheybət Şərq və Qarabatdaq) əlaqədar Perspektivlik haqqında Bildiriş təqdim edilib. Bu sahələrin hər birində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır.
AYDH sahəsindəki ilk quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi 2020-ci ilin avqust ayında ictimaiyyətə açıqlanıb və sənədin müzakirəsi bitdikdən sonra 2021-ci ilin yanvar ayında hökumət tərəfindən təsdiqlənib. Bununla da 2021-ci ildə qazma işlərinə başlanmasına icazə verilib.